Berlində gənc azərbaycanlı rəssamların Xocalı sərgisi | AZNAR
01.03.2019

Berlində gənc azərbaycanlı rəssamların Xocalı sərgisi

XX əsrin ən qanlı, ən qeyri-insani qırğınlarından olan Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan tərəfindən törədilmiş bu insanlıq cinayəti barədə faktları müxtəlif rakurslardan dünya ictimaiyyətinə çatdırmaq üçün xarici ölkələrdə tədbirlər keçirilir. Fevralın 26-da belə tədbirlərdən biri də Almaniyanın paytaxtı Berlində təşkil olunub. Orada gənc azərbaycanlı rəssamların və heykəltaraşların Xocalı soyqırımına həsr edilmiş əsərlərindən ibarət sərgi təşkil edilib. Sərginin dəstəkçisi və təşkilatçısı Azərbaycanın “AzNar” QSC şirkətidir.
 
“Q gallery Berlin” qalereyasında təşkil edilmiş sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının bir qrup tələbəsinin əsərləri nümayiş etdirilib. Sərgiyə göndərilmək üçün əsərlər və heykəltaraşlıq nümunələri Akademiyanın özündə keçirilmiş müsabiqə ilə seçilib. Müsabiqədə seçilmiş əsərlərlə birlikdə Akademiyanın 6 müəllimindən və 9 tələbəsindən ibarət qrup  sərgini təşkil etmək üçün fevralın 22-də Berlinə yola düşüb.

Sərgidə gənc rəssamların Xocalı soyqırımı ilə bağlı tamaşaçılarda dərin təəsürat oyadan əsərləri nümayiş etidirlib. Bu əsərlərdə Xocalını işğal edən erməni-rus hərbi birləşmələrinin dinc insanları, qadınları, uşaqları, qocaları qarşı xüsusi amansızlıqla qətlə yetirməsi, bəşəri cinayət və onun qorxunc izləri Akademiyanın tələbələri tərəfindən müxtəlif rakurslardan kətan üzərinə köçürülüb. Yaxud heykəltaraşlıq nümunələrində əks olunub.

Sərgiyə gənc rəssamlardan Fatimə Qurbanovanın “Günahsız baxışlar”, Nigar Familsoyun “Faciə”, Samirə Faizovanın “Xocalı qurbanı”, Xəyalə İbrahimovanın “Göz yaşı”, Kübra Binnətovanın “Ölmüş arzular”, Ceyran Mirqasımın “Ağ və Qara”, Lalə Xanbabayevanın “İz”, Nigar Niyazovanın “Çağırış”, Nigar Müslümovanın “Şeytanın ordusunun əhatəsində”, Bəyaz Kamillinin “Güllərin səhəri”, Nigar Xudiyevanın “Xocalı rənglərdə”, Günay Bəylərovanın “Haray”, Gülnar Alıyevanın “Xocalının taleyi”, Nərgiz Şirəliyevanın “Ümid”, Fərəh Mirzəyevanın “Xocalı” əsərləri və bir neçə digər əsərlər çıxarılıb.

Habelə gənc heykəltaraşlardan Zamik Rzayevin “Tarın ruhu”, Rahib Qarayevin “Keçmişə dönüş”, Gülnarə Baxşıyevanın “Xəyalət” əsərləri də Berlində tamaşaçılara təqdim olunub.

Azərbaycan Rəssamlıq Berlində akreditə olunmuş səfirliklərin nümayəndələri, diaspor təmsilçiləri və digər xarici qonaqlar, KİV əməkdaşları dəvət olunmuşdu. Sərgidə nümayiş olunan əsərlər baxanlarda Xocalı soyqırımı barədə güclü təəsürat oyadıb.Qeyd edək ki, “AzNar” QSC illərdir Azərbaycan Rəssamlıq Akademiyasına sponsor dəstəyi verir. Şirkətin maliyyə vəsaiti hesabına iki ildir ki, Akademiyanın aztəminatlı ailələrdən olan 50-yə qədər tələbəsinin illik təhsil haqqı ödənilir. Hər il tələbələrin işlərindən ibarət sərgilər təşkil olunur və fərqlənən əsərlər müsabiqə yolu ilə seçilir. Onlara şirkət tərəfindən yüksək mükafatlar verilir. Habelə şirkət bu ilin əvvəlindən  Akademiyanın tələbə və müəllimlərinin Avropa ölkələrində muzeylərə və sərgilərə səfərlərini maliyyələşdirməyə başlayıb.