Nara dünyada ilk abidə Göyçayda qoyuldu | AZNAR
10.11.2015

Nara dünyada ilk abidə Göyçayda qoyuldu

Hansı meyvə, hansı məhsul nardan daha gözəl ola bilər?! Bu, sadəcə bir meyvə deyil. Nar heç orqanizm üçün çox vacib olan vitaminlərin, mikroelementlərin və şəkərin adi kombinasiyası da deyil. Nəhayət, nar cəngavər sağlamlığına çatmaq vasitələrinin unikal kombinasiyası da demək deyil.

Nar əslində xalis sənət əsəridir. Daha dəqiq desək, Uca Yaradanın ən gözəl, ən möhtəşəm əsərlərindən biridir. Bu meyvə cənnətin Yer üzündəki bir parçasıdır. Bizə bu bənzərsiz nemətdən bəhrələnmək xoşbəxtliyi nəsib olub. Narın gözəlliyi və mükəmməlliyi dünyanın bütün guşələrindən olan insanları artıq min illərdir ki, heyrətləndirir və ilhama gətirir.

Nar Azərbaycanın rəmzlərindən biridir. Bu meyvə bizim torpaqlarımıza böyük şöhrət qazandırıb. Bu meyvənin qəribə, əsrarəngiz bir cazibədarlığı, müsbət energetikası var. Bəlkə də hər birimizin içindən nara şer yazmaq, mahnı bəstələmək, ona abidə ucaltmaq kimi qəribə bir hiss keçir.

Və budur, belə hisslər yaşayan sənət adamları artıq belə bir abidə yaradıblar. Azərbaycanda nara artıq abidə də qoyulub. Özü də bu abidə nara layiq bir abidədir.

Noyabrın 7-də həmin abidənin təntənəli açılışı da olub. Açılış mərasimi ənənəvi olaraq Göyçayda –  Azərbaycanda ən yaxşı nar sortlarının yetişdiyi bölgəmizdə keçirilən X Nar Günü tədbirləri çərçivəsində baş tutub.

Nar abidəsi Azərbaycanda müasir “yaşıl texnologiya” əsasında istehsal olunmaqla ən yaxşı, ən keyfiyyətli sayılan və dünyanın əksər ölkələrində məşhurluq qazanan nar şirəsinin hazırlandığı “Aznar” zavodunun qarşısında ucaldılıb.

Abidənin təntənəli açılış mərasimində Göyçay sakinləri ilə yanaşı rayonun icra hakimiyyəti başçısı Mübariz Ağayev, Göyçaydan seçilmiş deputat Sabir Hacıyev, Rusiyanın Azərbaycandakı keçmiş səfiri Vasili İstratov və digər yerli və xarici qonaqlar iştirak ediblər.

Mərasimin rəsmi hissəsində çıxış edən Mübariz Ağayev tədbir iştirakçılarına “Aznar”ın tarixi, ənənələri, onun istehsal etdiyi məhsullara dünya bazarında böyük tələbat olması, şirkətin xeyriyyəçilk fəaliyyəti haqda məlumat verdi. O, bu abidəni “Aznar”ın növbəti uğuru kimi qiymətləndirdi.

Digər natiqlər Vasili İstratov və abidənin müəlliflərindən olan Səhlab Məmmədov isə bu nar abidəsinin Göyçay, bütövlükdə isə Azərbaycan üçün əhəmiyyətindən söz açdılar.

Çıxışlardan sonra abidənin təntənəli açılış mərasimi oldu. Abidənin lentini Mübariz Ağayevlə “Aznar”ın sahibi Fərhad Əhmədov kəsdilər.

Daha sonra tədbirin bədii hissəsi başladı. Gənc Tanaşaçılar Teatrı aktyorlarının hazırladığı kompozisiya və Dövlət Rəqs Ansamblının ifa etdiyi milli rəqs nümunələri tədbirə əlavə kolorit verdi.

…Artıq heykəlləşib əbədiləşən bu nara diqqətlə baxın. Bu iri, yetişmiş, şirin və gözoxşayan meyvə öz gözəlliyi ilə sanki bütün meyvələrə meydan oxuyur. Adama elə gəlir ki, o, lap qızıl kimi parlayır. Əslində nar elə qızıldır. Əslinə qalsa Azərbaycanın qızılı təkcə neft deyil. Həm də Azərbaycanın insanlarıdır, bu torpaqda yetişən qiymətli məhsullardır. Bu məhsulların ən başda gələnlərindən biri də şübhəsiz ki, nardır.

Nara qoyulan abidənin müəllifləri Səlhab Məmmədovla Əli İbadullayevin bir il davam edən yaradıcılıq axtarışları boyunca bu gözəl nemətə yanaşması məhz bu baxış bucağından olub. Onlar narın bütün gözəlliyini və əzəmətini vəsf etməyə çalışıblar. Buna nail də olublar.

Bu abidəyə görə “Aznar” zavoduna və şübhəsiz ki, bu ideyanın əsas müəllifinə, “Aznar”ın baş səhmdarı Fərhad Əhmədova da ayrıca təşəkkür düşür. Azərbaycanın narı məhz onların sayəsində indi öz əzəmətli metal təcəssümünü tapıb. Bu, Azərbaycanla fəxr etməyimiz üçün daha bir vəsilədir.

www.virtualaz.org/cemiyyet/57534

www.azpolitika.info/?p=169203

şəkillər