Göyçayda nar bayramı: gözəllər təltif edildi, abidə də açıldı | AZNAR
07.11.2017

Göyçayda nar bayramı: gözəllər təltif edildi, abidə də açıldı

Noyabrın 3-də və 4-də Göyçayda ənənəvi nar bayramı keçirilib. Artıq 12-ci ildir keçirilən və artıq ənənə halını almış bu bayramda çoxsaylı yerli sakinlər, o cümlədən Bakıdan, yaxın rayonlardan və xarici ölkələrdən qonaqlar da daxil olmaqla 50 minə yaxın insan iştirak edib. Bayram Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “AzNar” QSC-nin maliyyə dəstəyi ilə baş tutub.
Böyük təntənə və coşqu ilə keçirilən bu bayramın fəxri qonaqlarının sırası da xeyli geniş idi. Onların arasında tanınmış iş adamı, keçmiş Rusiya senatoru (Federasiya Şurasının keçmiş üzvü) Fərhad Əhmədov, millət vəkilləri Sabir Hacıyev, Elman Məmmədov, Çingiz Qənizədə, ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta, keçmiş səfir Metyu Brazya, Rusiyanın Bakıdakı keçmiş səfiri Vasili İstratov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Milli Konservatoriyanın rektoru Fərhad Bədəlbəyli, qaydasız döyüş üzrə dünya çempionu Zabit Səmədov və digərləri yer alırdı.
Bu ilki Nar Bayramı bəzi yeniliklərlə də yadda qalıb. Belə ki, qonaqlar ənənəvi xalq oyunlarını, əl işlərini, nar məhsulları sərgisini izlədikdən sonra bu il ilk dəfə keçirilən “Nar gözəllik müsabiqəsi”nə də tamaşa etmək imkanı qazanıblar. Tanınmış modelyer Gülnarə Xəlilovanın hazırladığı geyimlərdə olan 30-dan çox mödel-nar gözəlləri səhnəyə çıxıb. Tamaşaçıların böyük maraq və coşqu ilə izlədiyi gözəllik müsabiqəsində münsiflər səsvermə yolu ilə üç “Nar gözəli”ni seçiblər. Onlara “AzNar” şirkəti tərəfindən təyin edilmiş mükafatlar verilib. Birinci yeri tutmuş gözələ 5 min, ikinci yerə layiq görülənə 3 min, üçüncü yeri tutana isə min manat mükafat təqdim olunub.

Müsabiqədə 1-ci yeri tutmuş “Nar gözəli”inə mükafatı iş adamı Fərhad Əhmədov özü təqdim edib. Digər mükafatçıları isə dünya çempionu Zabit Səmədov və teleaparıcı Hacı Nuran təltif ediblər. Bayrama toplaşanlar qarşısında çıxışı zamanı Fərhad Əhmədov bütün azərbaycan xalqını bu milli mayram münasibətilə təbrik edib. Bildirib ki, Nar Bayramının min illər də bundan sonra davam edəcəyinə inanır.

Daha sonra Göyçay şəhərinin mərkəzində rayonun simvolu kimi qoyulmuş nar abidəsinin açılışı olub. Bu abidə Fərhad Əhmədovun təşəbbüsü və maddi dəstəyi ilə ərsəyə gəlib. Tuncdan hazırlanmış  nar abidəsi bayram iştirakçılarının böyük marağına səbəb olub. Həmin abidə Göyçay şəhərinə də xüsusi yaraşıq verir.

Bayramın birinci günün axşamı Göyçay şəhərində tanınmış incəsənət xadimlərinin iştirakı ilə böyük konsert təşkil edildi, atəşfəşanlıq keçirildi. Qeyd edək ki, ötən illərdən fərqli olaraq bu il bayram iki gün davam edib.

Bayramın ikinci günü “AzNar” QSC-nin vəsaiti hesabına əsaslı təmir edilmiş Göyçay şəhər stadionunun açılışı olub. Bu stadion yüksək standartlara uyğun təmir edilib. Açılış mərasiminin ardınca stadionda Göyçayın “Aznar” futbol komandası ilə Bakının “Neftçi” komandası arasında oyun da keçirilib. Gərgin keçən oyunda “Aznar” komandası 4-2 hesabı ilə qələbə qazanıb. Qalib komandaya Nar Kuboku və 10 min manat pul mükafatı verilib. Mükafatı Fərhad Əhmədov təqdim edib.
 
Xatırladaq ki, Göyçayda Nar Bayramının keçirilməsi ənənəsini F.Əhmədov qoyub və iş adamı hər il bayramın keçirilməsinə sponsorluq edir, o cümlədən rayonda idmanın, infrastrukturun, təhsilin inkişafına dəstək verir.

http://musavat.com/mobile/news/ferhad-ehmedovdan-nar-bayrami-nar-abidesi-ve-yeni-stadion-fotolar_481...
http://qaynarinfo.az/az/ferhad-emedov-gycayda-nar-abidesi-qoydu-stadion-acdi-fotolar/
http://brifinq.com/news/culture/55517-ferhad-ehmedovdan-nar-bayrami-nar-abidesi-ve-yeni-stadion
http://azpolitika.info/?p=367983
http://istiqlal.az/news/44649.html
https://afn.az/gundem/64379-ferhad-ehmedovdan-nar-bayrami-nar-abidesi-ve-yeni-stadion-.html
https://xezernews.az/?c=news&id=30728
http://www.azadinform.az/news/a-157131.html

şəkillər