Məğlubedilməz “Mauqli”nin son qələbəsi: “Fərhad Əhmədova təşəkkür edirəm…”
Azərbaycanın məşhur kikboksçusu, dünya çempionu, “Mauqli” ləqəbli Zabit Səmədov növbəti görüşünü keçirib.
Ötən şənbə günü 33 yaşlı azərbaycanlı idmançı Türkiyədə keçirilən turnirdə belçikalı Məhəmməd Malik Sinistra ilə üz-üzə gəlib. İstanbul Gebze İdman Sarayında baş tutan döyüş Zabit Səmədovun 2-ci raundda qazandığı qələbəsi ilə yekunlaşıb.
Rəqib ikinci raundda azərbaycanlı döyüşçünün endirdiyi zərbələrdən sonra sağ ayağından aldığı ciddi zədə üzündən döyüşü davam etdirə bilməyib. Və hakim qarşılaşmanın Z.Səmədovun xeyrinə dayandırıb. Beləliklə, Zabit Səmədov peşəkar karyerasında 76-cı qələbəsini, 36-cı nokautunu reallaşdırıb. Qarşılaşmanı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Gebze idman zalında canlı olaraq izləyib və qalib idmançımızı təbrik edib.
“Mauqli” Məhəmməd Malikə qarşı döyüşə hazırlaşmaq üçün iki həftə ərzində Tailandda hazırlıq keçmişdi, son məşqlərini isə Bakıda edib. Döyüşçü jurnalistlərə açıqlamasında Türkiyədəki mötəbər turnirə hazırlıq zamanı ona dəstək verənlərə təşəkkürünü çatdırıb.
“Mənə dəstək olan hər bir insana çox sağ ol deyirəm. Bu döyüşə hazırlıq zamanı Azərbaycanın tanınmış iş adamı Fərhad Əhmədovun dəstəyini hiss etdim. Ona təşəkkür edirəm. Söz verirəm ki, qələbə qazanmaq üçün əlimdən gələni edəcəm” – Zabit Səmədov bildirib.
Xatırladaq ki, F.Əhmədovun Göyçayda fəaliyyət göstərən “AzNar” şirkəti Zabit Səmədova sponsorluq edir. Bu günlərdə “AzNar” şirkətinin sponsorluğu ilə Göyçayda qaydasız döyüş üzrə “Nar kuboku” turniri keçirilmişdi və Teymur Əhmədov adına “AzNar” İdman Klubunun təşkilatçılığı ilə Göyçay şəhər stadionunda keçirilən turnirin açılışında Zabit Səmədov da çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Bu turnir böyük izdihamla izlənilib və tamaşaçıların, yerli və xarici qonaqların böyük marağına səbəb olub.