20.09.2018

Cənab Fərhad Əhmədov uşaqlara yeni məktəb hədiyyə etdi

Bu gün Göyçayın Potu kəndində Bilik günü ötən illərdən fərqli olaraq çar II Nikolayın dövründən qalma yarıuçuq tikilidə yox, tamamilə yeni, hər cür şəraitə malik müasir məktəb binasında qeyd olunub. Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədovun ayırdığı vəsait hesabına həmin məktəb cəmi 2 ay yarım vaxt ərzində sökülərək yüksək səviyyədə yenidən tikilib və 300-ə yaxın şagirdin təhsil aldığı, yaşı bir əsrdən də çox olan uçuq-sökük daxmadan əsər əlamət qalmayıb.

Sovet qoşunlarının tərkibində Əfqanıstanda döyüşərkən qəhrəmancasına həlak olmuş kənd sakini Mübariz Məmmədovun adını daşıyan Potu kənd tam orta məktəbinin acınacaqlı durumu barədə bu ilin iyun ayında virtualaz.org saytı yazmışdı. Kənd sakinləri məktəbin yerləşdiyi daxmanın fotolarını redaksiyamıza göndərərək döşəməsi, tavanı dağılıb gedən, olduqca acınacaqlı vəziyyətdə olan tikilidə uşaqların necə əziyyətlə dərs keçdiklərini göstərmişdilər.

Məktəbin “korpuslarından” biri hələ 1905-ci ildə tikilmiş daxma tipli tikilidə yerləşirdi. Digər “korpusu” isə nisbətən təzə idi-1977-ci ildə tikilmişdi və çoxdan istifadəyə yararsız vəziyyətə düşmüşdü. Hansı ki, bu cür acınacaqlı vəziyyətə baxmayaraq Potu kənd məktəbinin şagirdləri hər il qəbul imtahanlarında yüksək nəticələr göstərirdi.  

Məktəb barədə xəbərin və fotoların saytımızda dərc olunmasından sonra Fərhad Əhmədov tezliklə bu xəbərə reaksiya verdi. Biznesmen Potu kənd tam orta məktəbinin binasının sökülərək yerində müasir məktəb binasının tikintisi üçün vəsait ayırdı. 

Qeyd etmək lazımdır ki, hər il Azərbaycanda xeyriyyəçilik işlərinə milyonlarla dollar xərcləyən (biznesmen özü bu xeyriyyəçilik aksiyalarının çoxunu ictimailəşdirmir) F.Əhmədov bundan əvvəl də Göyçay rayonunda yeni məktəb binaları tikdirib. Ötən il Çöyçay şəhərindəki 2 saylı, 500 yerlik tam orta məktəb onun ayırdığı vəsait hesabına əsaslı təmir edilərək məktəblilərin ixtiyarına verilib. 

Habelə biznesmen Göyçayda 7 və 4 saylı orta məktəbin və uşaq bağçasının təmirini də maliyyələşdirib. Göyçay şəhər stadionu da Əhmədovun vəsaiti hesabına əsaslı təmir edilib.

Ümumiyyətlə, son illərdə F.Əhmədov üçün sentyabrın 15-də(həmin gün biznesmen həm də öz ad günün qeyd edir) yeni məktəb binalarını azərbaycanlı məktəblilərin ixtiyarına vermək ənənəyə çevrilib.

Regional müxbirimiz Göyçaydan xəbər verir ki, Potu kəndində F.Əhmədovun dəstəyi ilə tikilmiş yeni məktəb binasının açılışında rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov, ictimaiyyət nümayəndələri, kənd sakinləri, məktəbin direktoru, “AzNar” QSC-nin (səhmləri F.Əhmədova məxsusdur) direktoru Teymur Əhmədov iştirak ediblər. Çıxış edənlər məktəbin yüksək səviyyədə yenidən tikilməsinə görə biznesmenə təşəkkürlərini bildiriblər, tədbirdə qeyd olunub ki,   bu cür müasir məktəb binasının şagirdlərin ixtiyarına verilməsindən sonra onların bilik göstəricilərinin daha da yüksələcəyinə inanırlar. 

“AzNar” QSC-nin direktoru T.Əhmədov isə deyib ki, cənab Fərhad Əhmədov Potu kənd tam orta məktəbinin binasının acınacaqlı vəziyyətdə olduğunu eşidən kimi dərhal bu məsələ ilə maraqlanıb. “Bizə göstəriş verildi ki, məktəb yeni dərs ilinin başlanmasına qədər yenidən tikilib başa çatdırılmalıdır. Biz də öv növbəmizdə əlimizdən gələni etdik, cəmi 2 aydan bir az çox vaxt ərzində məktəbin binasını yüksək səviyyədə, keyfiyyətlə tikib müəllim və şagirdlərin istifadəsinə verdik”-o bildirib. 

Məktəbdə müasir idman meydançası, kompüter otaqları yaradılıb, bütün sinif otaqları yeni mebellə təchiz olunub, həyəti və ərazisi də əsaslı şəkildə abadlaşdırılıb. Köhnə məktəb binası sökülüb yenidən tikilməklə yanaşı məktəbin əlavə yeni korpusu da inşa olunub. 

Habelə məktəbin adını daşıdığı “Qırmızı Ulduz” ordenli Mübariz Məmmədovun abidəsi restavrasiya olunub. Bir sözlə, Potu kəndinin miskin daxmada yerləşən əvvəlki məktəbinin yerində məktəblilər yüksək şəraitə malik olan yeni məktəb binasına ayaq basıblar.

Qeyd edək ki, bu il Azərbaycanda dövlət büdcəsi hesabına 200-ə qədər yeni məktəb tikilib və ya əsaslı təmir olunub. O cümlədən ucqar kəndlərdə son illər modul tipli yeni məktəblər quraşdırılıb istifadəyə verilir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, ölkə üzrə bir dənə də olsun köhnə məktəb binası qalmamalıdır.

Təəsüf ki, F.Əhmədov istisna olmaqla xaricdə yaşayan imkanlı iş adamlarının, milyarderlərin Azərbaycanda yeni məktəblərin tikintisi işinə dəstəyi barədə demək olar ki, eşidilmir...

http://virtualaz.org/olke/125824

şəkillər